“İrəvan qədim erməni şəhəridir”  

 
  

 Hər bir azərbaycanlı üçün qədim Bakı, Gəncə, Bərdə, Şəki, Dərbənd, Naxçıvan, Təbriz, Ərdəbil şəhərləri nə qədər əzizdirsə, İrəvan şəhəri də bir o qədər əziz və doğmadır. Müxtəlif dövrlərdə İrəvan şəhərinin yerləşdiyi ərazi Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar, çar Rusiyası dövlətlərinin tərkibinə daxil olmuşdu. Yalnız 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdi.
    İrəvan şəhəri 40°08’ şimal en dairəsi və 44°10’ şərq uzunluğunda, Ağrı vadisinin şimal şərq hissəsində, dəniz səviyyəsindən təqribən 900-1000 metr yüksəklikdə yerləşir. 
    Yalnız Azərbaycan türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı mənbələrində Rəvan, İrəvan, İrivan kimi qeyd edilmişdir. XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğal edildikdən sonra şəhərin adı Erivan (Эривань) kimi yazılmışdı. Bu şəhər 1936-cı ildə Yerevan adlandırılmışdır. 
    Erməni tarixçiləri şəhərin adını Urartu çarı I Argiştinin dövründə (eramızdan əvvəl 782- ci ildə) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmişdi və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdı. Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də zaman baxımından əlaqəsi olmuşdu. Yerli əhalinin “Qanlıtəpə”, hazırda isə ermənilərin “Arinberd” adlandırdıqları bu təpə İrəvan şəhərinin cənub-şərq istiqamətində yerləşir. 1879-cu ildə rus arxeoloqu A.İvanovski İrəvan ətrafındakı Çölməkçi kəndində üzərində mixi yazıları olan və Urartu çarı I Argiştinin hakimiyyəti dövrünə aid mətni əks etdirən bazalt daş aşkar etmişdi. Sonradan həmin  ərazidə üzərində mixi yazıları olan daha bir neçə daş aşkar edildi.
    Qədim İrəvan yaşayış məntəqəsi ilə 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu qalası arasında xeyli məsafə var idi. Yalnız XX əsrin ikinci yarısından Erebuni qalasının yerləşdiyi Qanlıtəpə şəhərətrafı əraziyə daxil edilmişdi. Urartulular dövrünə aid tapılan mixi yazılarından aydın olmuşdu ki, eramızdan əvvəl VIII əsrin birinci rübündə Ağrı vadisi (Araz çayının sol sahili və Arpaçayın aşağı axarı) urartulular tərəfindən işğal edilənədək həmin ərazi Aza xalqının ölkəsi adlanırmış.
    İrəvanın Urartu çarı I Argişti tərəfindən əsası qoyulan Erebuni (İrpuni) qalası ilə eyniləşdirilməsi ermənilər tərəfindən tarixin saxtalaşdırılmasının bariz nümunəsidir. Akademik Boris P i o t r o v s k i n i n milliyyətcə erməni olan arvadının xatirinə irəli sürdüyü “Ola bilər ki, Urartu şəhəri Erebuninin adı Ermənistanın paytaxtı İrəvan şəhərinin adında yaşamaqda davam edir” fərziyyəsi ermənilərə imkan verdi ki, İrəvanı Erebuni kimi təqdim etsinlər. Bununla da 1968-ci ildə İrəvanın “2750 illik yubileyi” təntənəli surətdə qeyd edildi. Bununla da ermənilər dünyaya car çəkdilər ki, guya İrəvan şəhəri qədim Romadan 30 yaş “böyük” imiş. 
    “Erməni yazıçıları eramızın XIII əsrinin əvvəllərinədək İrəvan şəhərinin adını belə çəkmirlər, bu zamandan, yəni 1209-cu ildən etibarən oranı “kiçik yer” adlandırırlar. Xalq arasında gəzən rəvayətə görə, guya İrəvan adı erməni çarı Ervandın adından və yaxud erməni sözü olan yerevil, yerevan, yəni “gördü”, “göründü” sözlərindən əmələ gəlib və guya Nuh Araratın zirvəsindən ilk dəfə quru torpağı bu yerlərdə, yəni şəhərin yerləşdiyi ərazidə görərkən onu bu cür adlandırmışdı. Bu, tamamilə uydurmadır. Daha doğrusu, bu şəhər 1441-ci ildən, Cahan şah dövründə iranlılar (yəni Qaraqoyunlu əmirləri – N.M.) buranı zəbt etdikdən sonra məşhurlaşmışdı. O dövrdən 1827-ci ilədək İrəvan gah iranlılar, gah da türklər tərəfindən zəbt olunmuş, aramsız olaraq bir xalqın əlindən digər xalqın əlinə keçmişdi... Sonuncu İrəvan sərdarı da daxil olmaqla, İrəvan şəhərini və onun qəzasını müxtəlif zamanlarda türklər tərəfindən 10 paşa və iranlılar tərəfindən 33 xan idarə etmişdi...”
    İlk mənbələr təsdiq edir ki, indi Ermənistan (Hayastan) adlandırılan əraziyə ermənilər (haylar) ilk dəfə xristianlığın dövlət dini səviyyəsinə yüksəlməsindən sonra missionerlər kimi gəlmişdilər. Haylar ərəb xilafəti dövründə islam dinini qəbul edən aborigen türkmənşəli boyların tərk etdikləri dini məbədlərə sahib çıxmış, həmin məbədləri kilsəyə çevirmiş, elə oradaca saxta tarix əsərləri quraşdırılmışdı.
    Ermənilərin İrəvan ətrafında məskunlaşması 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şahın razılığı ilə erməni katolikosluğunun iqamətgahının Kilikiyadan Valarşabad kəndindəki Üçmüəzzin (Üçkilsə) kilsəsinə köçürülməsindən sonra başlamışdı.
    Şəhər kimi orta əsrlərdə formalaşan bu qala-şəhər, eyni zamanda Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdu. İrəvan şəhəri bir mərkəz kimi, Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərində sosial iqtisadi cəhətdən sürətlə inkişaf etmişdi. Zəngi çayı və Gedər çaylarının arasında yerləşən İrəvan şəhəri şimal-qərb və şimal-şərq tərəfdən dağlarla və təpələrlə, cənub və cənub-qərb tərəfdən isə əkinə yararlı rəvan vadi ilə əhatə olunmuşdu. İrəvan qalası Zəngi çayının sol sahilindəki sıldırımlı təpənin üzərində salınmışdı. Çox məşhur olan İrəvan qalası və bağları şəhərə gələn bütün səyyahların diqqət mərkəzində olmuş, onlar haqqında geniş məlumatlar verilmişdi. 
    1679-cu il iyunun 4-də İrəvanda baş verən zəlzələ şəhərin bütün tikililərini darmadağın etsə də, Naxçıvan, Gəncə, Qarabağ, Təbriz və Maku bəylərbəyliklərinin köməyi ilə tezliklə bərpa edilmişdi. 
    Şərqin nadir memarlıq incilərindən hesab edilən Xan sarayı, yaxud Sərdar sarayı İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625-ci illər) tərəfindən ucaldılmış, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783-cü illər) tərəfindən təkmilləşdirilmişdi. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805-ci illər) sarayın Şüşəbənd adı ilə də tanınan Güzgülu salonunu və Yay imarətini inşa etdirmişdi.
    İrəvan şəhəri və onun ətrafındakı hidronimlərin (çay, göl, bulaq və s.), oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.), oykonimlərin (yaşayış məntəqələri, küçələr, məhəllələr və s.) mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdu. İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməmişdir. 
    Türkmənçay (1828-ci il) və Ədirnə (1829-cu il) sülh müqavilələrinin imzalanmasından sonra İrəvan azərbaycanlılarının qara günləri başladı. İrəvan və Naxçıvan xanlıqlarının işğalından sonra yaradılan yeni inzibati-ərazidə - “Erməni vilayəti”ndə 1829-1831-ci illərdə kameral siyahıyaalma keçirən İvan Şopenin İrəvan şəhərinin əhalisi haqqında verdiyi statistik məlumatlarda şəhərdə 2751 ailənin (11463 nəfər), o cümlədən 1807 müsəlman ailəsinin (7331 nəfər), 567 yerli erməni ailəsinin (2369 nəfər), İrandan köçürülən 366 erməni ailəsinin (1715 nəfər) və Türkiyədən köçürülən 11 erməni ailəsinin (48 nəfər), habelə 46 boşa (xristian qaraçıları) ailəsinin (195 nəfər) yaşadığı göstərilmişdir.400 Yalnız XIX əsrin sonlarında Türkiyədə baş qaldıran erməni üsyanlarının yatırılması nəticəsində ermənilərin İrəvan quberniyasına axışıb gəlməsindən və 1905-1906-cı illərdə azərbaycanlılara qarşı kütləvi qırğınların həyata keçirilməsindən sonra İrəvan şəhərində ermənilər say üstünlüyünə nail olmuşdular. 
    İrəvan qalasının işğalından dərhal sonra, ilk olaraq Osmanlı sərkərdəsi Rəcəb paşa tərəfindən 1725-ci ildə inşa etdirilmiş məscidin günbəzindəki ayparanı çıxararaq onun yerinə xaç asmış, minarəsində isə kilsə zəngi quraşdıraraq pravoslav kilsəsinə çevirmişdilər. Qaladakı Sərdar məscidini rus qoşunlarının arsenalına çevirmiş, xanın hərəmxanasını isə hospital etmişdilər.401 Yeni yaradılan “Erməni vilayəti”nin administrasiyası Xan sarayında yerləşirdi. İmperator I Nikolayın Şimali Azərbaycan xanlıqlarının axırıncı istehkamı olan əfsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə reallaşmışdı. I Nikolay  şəhərin müxtəlif təbəqələrinin nümayəndələrini Güzgülü zalda qəbul etmişdi.
    XIX əsrin sonları, XX əsrin əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlarca küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s.
    Bağlar diyarı İrəvanda və onun ətrafında 1473 bağ mövcud olmuşdu ki, onlardan 772-si şəhərin içərisində idi. Sərdar bağı, Dəlmə, Abbas dərəsi, Abuhəyat, Keşağlı, Qızılqala, Dərə bağı, Səvzikəri, Xosrovabad, Söyüdlü, Qul dərəsi, Kənkan, Kərpicxana bağlarının ad-sanı İrəvandan çox-çox uzaqlara yayılmışdı. İrəvan bağlarının bəzi məhsulları qurudulmuş şəkildə Rusiyanın və Avropanın bir çox şəhərlərinə ixrac edilirdi.
    Şəhərdə və onun ətrafında 45 dəyirman mövcud idi. Azərbaycanlılara məxsus Hacıbəyim, Məhəmməd xan, Sübhanqulu xan, Qala, Xan, Doqquz dəyirmanlar şəhərin ən böyük dəyirmanları sayılırdı. XIX əsrin 30-cu illərində İrəvan şəhərində 2318 nəfər sənətkarlıqla məşğul olurdu. Onlardan 1436 nəfərini azərbaycanlılar, 468 nəfərini yerli ermənilər, 386 nəfərini isə İrandan köçürülüb gətirilən ermənilər təşkil edirdi.
    1918-ci ildə Azərbaycan Milli Şurasının 29 may tarixli qərarı ilə Dağlıq Qarabağa ərazi iddiası irəli sürməmək şərti ilə İrəvan şəhəri paytaxt kimi ermənilərə güzəştə gedilmişdi. Lakin 1918-1920-ci illərdə mövcud olmuş daşnak hakimiyyəti dövründə burada azərbaycanlılara qarşı soyqırımı, onlara məxsus maddi-mədəniyyət abidələrinə qarşı isə vandalizm aksiyaları həyata keçirilmişdi.
    Sovet hakimiyyəti illərində də azərbaycanlıların diskriminasiyası və deportasiyası rəsmi Ermənistan siyasətinin tərkib hissəsi olmuşdu. 1924-cü ildə Aleksandr Tamanyanın layihəsi əsasında həyata keçirilən İrəvan şəhərinin rekonstruksiyası, əslində azərbaycanlıların izini silməyə xidmət edirdi. 1936-cı ildə İrəvan şəhərinin yeni baş planı hazırlanmış və onun həyata keçirilməsi nəticəsində qalanın içərisində müasir tipli hündürmərtəbəli binalar inşa edilmişdi. İkinci Dünya müharibəsi dövrünə aid şəkillərdə İrəvan qalası divarlarının müəyyən hissəsinin hələ də mövcud olduğu görünür. Lakin sonralar qala divarları tamamilə sökülmüş və hazırda ondan əsərəlamət qalmamışdır.
    İrəvan qalasının həmyaşıdları və müasirləri – Bakıda İçərişəhərin qala divarları, onun içərisindəki Şirvanşahlar sarayı, Şəkidə Xan sarayını əhatə edən qala divarları bu gün də yaşayır və keçmişdən bu günə soraq verirlər. İrəvanda isə orta əsr memarlığından soraq verən bircə dənə də olsun tarixi abidə qalmamışdır. Azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin məhv edilməsinin nəticəsidir ki, bu şəhərdə yaşı 200 ildən yuxarı bircə dənə də olsun tarixi-memarlıq abidəsi qalmamışdır. 
    Azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər deportasiyası zamanı İrəvan Pedaqoji Texnikumu 1948-ci ildə tələm-tələsik Azərbaycanın Xanlar (indiki Göygöl) rayonuna köçürülmüşdü. 1928-ci ildən İrəvanda Kənd Təsərrüfatı Texnikumunun azərbaycanlı bölməsi fəaliyyətə başlamış, 1933- cü ildən isə həmin bölmə müstəqil İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumuna çevrilmişdi. Son illərdə İrəvan Pedaqoji İnstitutunda yalnız 25 tələbənin qəbul edildiyi ədəbiyyat fakültəsi saxlanmışdı.
    1914-cü il fevralın 22-də İrəvan şəhərində Azərbaycan dilində ilk mətbu orqan - “Lək-lək” (“Leylək”) adlı satirik məcmuə nəşr olunmuşdu. Bu məcmuənin cəmi 12 nömrəsi işıq üzü görmüşdü. 1917-ci il yanvarın 1-də dərc edilən “Bürhani-həqiqət” məcmuəsi isə 9-cu nömrədən sonra bağlanmışdı. Sovet hakimiyyətinin ilk illərindən etibarən İrəvanda Azərbaycan dilində “Kommunist”, “Rəncbər”, “Zəngi”, “Qızıl Şəfəq”, yenidən “Kommunist” və nəhayət, “Sovet Ermənistanı” qəzetləri nəşr edilmişdi. 
    Bütün qeyd olunanlar göstərir ki, erməni vandalları azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silməyə, yaxud onları öz adlarına çıxmağa çalışsalar da, onları tarixin yaddaşından silmək mümkün deyildir. İrəvan şəhəri Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənət mərkəzlərindən biri kimi də Azərbaycan tarixində mühüm yerlərdən birini tutur. 

 

Fariz Vəliyev 

Politoloq 

XƏBƏR LENTİ